
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən hadisə Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. Bu hadisə təkcə bir şəhərin işğalı deyil, dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın idi. Həmin gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə şəhərə hücum edərək yüzlərlə günahsız insanı amansızcasına qətlə yetirdi. Rəsmi məlumatlara əsasən, 613 nəfər öldürüldü, onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl idi. Yüzlərlə insan yaralandı, 1275 nəfər girov götürüldü, çox sayda ailə isə tamamilə məhv edildi. Xocalı faciəsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir. Bu hadisə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış, milli həmrəyliyi və torpaq uğrunda mübarizə əzmini daha da gücləndirmişdir. Bu gün Xocalı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır və ədalətin bərpası istiqamətində aparılan mübarizənin mənəvi dayağı olaraq qalır. Xocalı yalnız bir faciə deyil, həm də unudulmamalı olan tarixi həqiqətdir. Xocalını unutmaq – tarixi unutmaq deməkdir.
Pərvanə Məmmədova,
STK-nın Azərbaycan dili və ədəbiyyat müəllimi