STK-nın kimya müəllimi Könül Məmmədovanın təşkilatçılığı ilə bir qrup tələbə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə ekskursiya etmişdir. Ekskursiyanın əsas məqsədi tələbələrin nəzəri biliklərini təcrübi şəkildə möhkəmləndirmək, laboratoriya şəraiti ilə yaxından tanış etmək və kimya elminə maraqlarını artırmaq olmuşdur. Tələbələr qeyri-üzvi, üzvi, analitik, neft və fiziki kimya kafedralarının laboratoriyalarında olaraq aparılan təcrübələri maraqla izləmiş, müasir laboratoriya avadanlıqları ilə tanış olmuşlar. Ekskursiya çərçivəsində tələbələri Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov qarşılamış və fakültənin fəaliyyəti, kafedraları haqqında ətraflı məlumat vermişdir. Daha sonra tələbələr AMEA-nın akademiki, üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmovun dərsində iştirak etmiş, onun elmi tövsiyələrini dinləmişlər.
Tələbələr həmçinin kimya elmləri doktoru, professor Nağı Yaqubovun və kimya elmləri doktoru, tədrisin metodikası kafedrasının müdiri Yasin Cəfərovun dərslərində iştirak edərək laboratoriya təcrübələrini yaxından izləmək imkanı əldə etmişlər. Ekskursiyada kollecin bir qrup əməkdaşı da iştirak etmişdir. Onların sırasında kimya laboratoriyasının müdiri Mehriban İsmayılova, biologiya laboratoriyasının müdiri Günel Şükürova, metodistlərdən Ceyran Bayramova və Günay Umudova, eləcə də kimya müəllimi Aytən Əliyeva yer almışdır. Qeyd edək ki, bu cür ekskursiyalar tələbələrin peşəkar inkişafında mühüm rol oynayır, onların gələcək ixtisas seçimlərinə müsbət təsir göstərir.




